Bağın adı müxtəlif səbəblərə görə bir neçə dəfə dəyişdirilib. Sovet hakimiyyəti qurulduqdan sonra "Molokan bağı" "9 Yanvar" adlandırılıb. Sonra isə bağa Həşim Əliyevin adı verilib. Hazırda bağ Xaqaninin adını daşıyır. Memarlıq-landşaft kompozisiyasının əsası "Üç gözəl" heykəllər qrupu və əyrixətli formada olan hovuzdan ibarətdir. Pyedestal olaraq heykəltəraş təbii daşlardan istifadə edib.
Xaqani bağı 2009-cu ildə əsaslı şəkildə rekonstruksiya olunub, yeni bitkilər əkilib, uşaq attraksionları qurulub. Buna baxmayaraq, 2011-ci ildə bağ yenidən əsaslı şəkildə təmir edilib. Amma bağın əvvəlki forması saxlanılıb. Bağda balaca uşaqların əylənməsi üçün kiçik də olsa, pulsuz attraksionlar quraşdırılıb. Bu da uşaqlı ailələrin bağda rahat dincəlməyinə şərait yaradır.