Paytaxtın keçmiş "Sovetski" adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir.
Layihənin ən mühüm xüsusiyyətlərindən biri İsmayıl bəy Qutqaşınlı küçəsindən Mərkəzi Banka qədər olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanlarının yaradılmasıdır. Orijinal layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastrukturlar yaradılıb, dövlət əhəmiyyətli yollar, piyada keçidləri, yol qovşaqları inşa edilib və digər kommunikasiya xətləri çəkilib, şəhər sakinlərinin və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park salınıb.