Bağ 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur, 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin, Biologiya və Tibb Elmləri bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri Bölməsinə tabe edilmis, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adına layiq görülüb.
Hazırda Dendrologiya İnstitutu Dünya Botanika Bağlarının üzvüdür, 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir. Dendrologiya İnstitutunda Azərbaycan dendroflorasının çoxcildli nəşrinin hazırlanmağı ilə yanaşı, Otaq Bitkiləri Ensklopediyası, Gülçülük Ensklopediyası, Ekologiya dərs vəsaiti və s. çapdan çıxmışdır. Bağda yenidənqurma, abadlaşdırma işləri aparılmış, növ zənginliyini bərpa etmək məqsədi ilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilmiş, bioekoloji xüsusiyyətləri öyrənilmiş və kolleksiyalara daxil edilmişdir. Park dizaynın ən yaxşı nümunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilmişdir.
Ümumi sahəsi 12 hektar olan Dendrologiya bağında 600-dək bitki növü var. Bunlardan 363-ü ağac, 106-sı oranjereya, 34-dən çoxu ot bitkiləri, 53-ü İsə müxtəlif gül növləridir. Bağın kolleksiya sahələrində Azərbaycanın "Qırmızı Kitab"ına salınmış 141 növ ağac və kol bitkilərindən bir çoxu mühafizə edilir. Ərazinin 8 hektarında yerləşən kolleksiya sahələrini landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar. Ərazinin digər hissəsində istixanalar, çarhovuzlar inzibati və laboratoriya binaları yerləşir.